"Azərbaycan millisi Latviyanı rahat məğlub edə bilərdi, sadəcə futbolçularımızda alınmır"

"Azərbaycan millisi Latviyanı rahat məğlub edə bilərdi, sadəcə futbolçularımızda alınmır"

 
0

Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi dünən yoldaşlıq görüşündə Latviyaya da qalib gələ bilmədi. Səncə, millimizin qələbə qazana bilməməsinin səbəbi nədir?

- Futboldur, belə də olur. Azərbaycan millisi yaratdılan qol epizodlarından istifadə edə bilmədi. Halbuki həmin vaxtı hesab 0:0 idi. Yoxsa, düzünü desək, Azərbaycan millisi Latviyanı rahat məğlub edə bilərdi. Lakin bu, onlarda alınmadı.

- Ümumiyyətlə, Azərbaycan artıq FİFA reytinqində özündən üst pillələr bir yana, aşağıda olan rəqiblərə də qalib gələ bilmir. Bunu nə ilə əlaqələndirirsən?

- Hazırda bütün millilər futbol oynamağı bacarır. İndiki nəticələrə baxmayaraq, məncə, gələcəkdə Azərbaycan millisi bizi uğurlu nəticələri ilə sevindirəcək. Sadəcə hazırda milli komandada eniş var və uşaqlarda alınmır. Lakin uğurlu nəticələrə inanıram.

- Bəs, Fernandu Santuşun Azərbaycan millisinə hansısa xeyir verdiyini düşünürsən? Yaxud da, onun millidə uğurlu nəsə edəcəyini gözləməyə dəyər?

- Bu haqda bir neçə dəfə danışmışam. Əgər AFFA onu baş məşqçi postuna seçibsə, demək ki, güvənirlər və nəsə gözləyirlər. Təəssüf ki, Fernandu Santuş Azərbaycan millisində hələ nəsə edə bilməyib.

- Azərbaycan millisi səncə bu cür nəticələr və effektsiz oyunla hara qədər gedə bilər? Ehtimal etmək olar ki, millimizi daha pis günlər gözləyir?

- Bu haqda düşünmək istəmirəm. Hər zaman millidə hər şeyin yaxşı olmasını istəyirəm.Azərbaycan xalqını sevindirməklərini arzulayıram.  Dediyim kimi, məncə, Azərbaycan millisində hər şey yaxşı olacaq. Çünki bundan daha da pisi ola bilməz.

- Yığma komandamızın daha bir yoxlama görüşü iki gündən sonra Macarıstana qarşıdır. Yəqin ki, həmin görüşdə də uğurlu nəticə gözləməyə dəyməz?

- Milli komandamıza hər zaman güvənməliyik. İnanıram ki, millimiz Macarıstanla görüşdə qələbə qazanacaq. Onlara uğurlar arzulayıram. Millidə yer alan hər bir futbolçunun xalqımızı sevindirmək, xalqın onlardan razı qalmaqlarını istəməsindən əminəm. Yaşayarıq, görərik. Millimizə uğurlar.

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.