
"Çelye"nin baş məşqçisi "Sabah"la matçdan əvvəl: "Heç kimdən qorxmuruq, çünki istənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik"
Sloveniyanın “Çelye” klubunun baş məşqçisi Albert Riera Avropa Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsində qarşılaşacaqları “Sabah”la görüşdən danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispan mütəxəssis Azərbaycan kubokunun sahibi haqda bunları deyib:
"Püşkatma zamanı azarkeşlər, futbolçular və klublarla əlaqəsi olan hər kəsi təhlil etməyə, fərziyyələr irəli sürməyə başlayır, hər kəsin öz seçimləri var. Amma unutmaq lazım deyil ki, səbətdə yer alan hər bir komanda ora ölkə çempionatında və ya kubokda uğur qazanaraq düşür. Bu isə o deməkdir ki, onların hər biri müəyyən keyfiyyətə malik ciddi rəqibdir. İlk rəqibimiz “Sabah”dır. Onları oyuna qədər təhlil etmək üçün kifayət qədər vaxtımız var.
Ötən mövsüm "Çelje" Avropa yarışlarının 1/4 finalına yüksələn ilk Sloveniya klubu oldu və Kubok iyirmi ildən sonra şəhərə qayıtdı. Komandada və klubda daxili motivasiya, ictimaiyyətin gözləntiləri də yüksəkdir.
Ötən mövsüm əldə etdiklərimiz fantastik idi. Biz təkcə klubun deyil, bütün Sloveniya klub futbolunun tarixini yazdıq. Bütün ölkə bununla fəxr edə bilər. Bu bizim üçün çox şey deməkdir. Amma həmişə dediyim kimi, futbolda keçmişlə yaşamaq olmaz. Hər mövsüm yeni motivasiya tapmalı, yeni hədəflər qoymalı və onlara çatmaq üçün mümkün olan hər şeyi etməlisiniz. Yeni mövsümə də eyni mentalitetlə daxil oluruq. Biz kim olduğumuzu bilirik və heç kimdən qorxmuruq, çünki istənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik. Biz yeni uğurlara can atırıq".