
Hakimlər Rauf Allahverdiyevin məsələsinə görə baş katiblə görüşdü - ümid Cahangir Fərəcullayevin ədalətinə qalıb
Ölkə kubokunun "Neftçi" - "Sabah" oyununda VAR hakimi kimi etdiyi səhvə görə ömürlük hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevlə bağlı durum onun həmkarlarını da narahat edir. Çünki başa düşürlər ki, sabahın işini bilmək olmaz. Bu gün Rauf Allahverdiyevin yaşadığı gələn dəfə onlardan birinin başına gələ bilər.
Məhz buna görə də, bir neçə təcrübəli hakim AFFA-nın baş katibi Cahangir Fərəcullayevin qəbulunda olub. Əslində, görüş daha çox xahiş məqsədli keçib. Onlar Cahangir bəydən bu məsələyə müdaxilə edib Allahverdiyevə verilən cəzanın yüngülləşdirilməsini istəyiblər.
Fərəcullayev vəzifə başına keçəndən bəri etdiyi kadr islahatları, verdiyi qərarlarla barəsində müsbət imic yaradıb. AFFA-nın elm adamı Aslan Kərimovun personasına ayrılan diqqət, Bəxtiyar Musayev kimi futbol adamının skaut işinin başına gətirilməsi, Kamran Vəliyev, Elçin Məmmədov, Zümrüd Ağayeva kimi savadlı kadrların irəli çəkilməsi və s. Cahangir bəyin aktivinə yazılmalıdır.
Lakin hakimlik məsələsində baş katibi səhv yönləndiriblər. Belə görünür ki, özü də fərqinə varmadan başqalarının oyununa düşüb. Təəssüf ki, bu gedişlə axırda hər şey məhz Cahangir bəyin üstündə qalacaq...
Biz Fərəcullayevi ədalətli adam kimi tanıyırıq. Ədaləti olan adam isə heç vaxt nə qanuna zidd gedər, nə də insanlığa. Əgər Rauf Allahverdiyevin hakimlikdən ömürlük uzaqlaşdırılacaq boyda səhvi varsa, bunlar dəlil və sübutlarla açıqlanmalı, ona cinayət işi açılmalı, cəza verilməlidir. Varmı elə bir fakt? Əgər bütün motivlər yalnız şübhələr üzərində qurulubsa, bu ciddi yanaşma deyil.
Əldə yalnız səhv var - "Neftçi"nin müdafiəçisi rəqibin ayağını tapdalayıb, nə baş hakim Əliyar Ağayev penalti verib, nə VAR hakimi Rauf Allahverdiyev, nə də onun köməkçisi bunu görüb. Əslində, bütün günahların tək Raufun ayağına yazılması da məsələnin başqa bir məyusedici tərəfidir. Bəli, səhv var. Özü də ciddi səhvdir. Allahverdiyev də, o birilər də cəzalanmalıdlr. Amma belə səhvə ömürlük cəza düşmür, bəylər.
Ümid Cahangir Fərəcullayevin ədalətinə qalıb. Başa düşürük ki, onu səhv yönləndirirlər, istisna deyil ki, yuxarıdan da təzyiq göstərirlər. Amma Cahangir bəy də anlamalıdır ki, istəməyərəkdən olsa belə, kiminsə haqqına girir. Rauf Allahverdiyev şiddətli xəbərdarlıq almalı, bir mövsümlük aşağı liqaya göndərilməlidir. Amma başqalarına dərs olsun deyə, kiminsə karyerasını məhv etmək doğru deyil!
Həmid