
Juninyo "Flamenqo"nu tərk edir - gedəcəyi ölkə bəllidir
Qışda "Qarabağ"dan transfer olunmuş futbolçu Olavio Juninyo Braziliyanın "Flamenqo" klubunu tərk etmək istəyir.
Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu ona az şans verilməsindən narazılığını bildirib.
Ön xətdəki mövqeyini Pedru, Brunu Enrike və Everton Sebolinya kimi oyunçulara təslim edən Juninyo daha əvvəl Səudiyyə Ərəbistanının "Ər-Riyad" və "Nacran" klublarının da təklifini rədd edib.
"Flamenqo" Samuel Lino və Qonsalo Plata ilə gücləndikdən sonra onun mövqeyi xeyli daralıb.
Son oyunlarda heyətə salınmaması təcrübəli forvardı təklifləri dəyərləndirmək qənaətinə gətirib. Səudiyyə Ərəbistanına gedişi həm braziliyalı futbolçunun özü, həm də klubu üçün ən münasib qərar kimi dəyərləndirilir. "Flamenqo" ondan azad olmaqla, yerinə yeni transfer etmək niyyətindədir. Oyunçunun özü isə yenidən özünü göstərmək məqsədi güdür.
Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"dan "Flamenqo"ya 5 milyon avroya keçib. (Teleqraf.az)