
"Kəpəz" yenə sponsorsuz qaldı - Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı
"Kəpəz"dəki vəziyyət günbəgün daha da mürəkkəbləşməyə doğru gedir. Neçə gündür idman işləri üzrə müşavir Erkin İbrahimovun "Kəpəz"i tərk etməsi ilə bağlı xəbərlər tirajlanır. Artıq o özü də bu məlumatı təsdiqləyib.
Bu gün aldığımız xəbər "Kəpəz" azarkeşləri üçün daha üzücü olacaq. Belə ki, İdarə Heyətinin sədri Namiq Qədirov da vəzifəsindən getmək qərarı verib. Bu o deməkdir ki, "Kəpəz" yenə sponsorsuz qaldı. Çünki Gəncə klubuna pulu ayıran şəxs məhz Namiq bəy olmalı idi. Gələn həftə klubdan gedişi rəsmən açıqlanacaq iş adamı "Kəpəz"ə maliyyə ayırmaq fikrində deyil.
Faktiki olaraq, "Kəpəz" "ortalıqda qalıb". Təzə rəhbərliyin gəlişi ilə yeni məşqçi və futbolçu müqavilələri, bahalı geyim dəstləri və s. xərclər üzrə öhdəliklər yaranıb. Bütün bunlar Namiq Qədirovun şirkəti tərəfindən ayrılacaq 1,5 milyon manata yaxın əlavə vəsait hesabına ödənilməli idi. Lakin indi elə alınıb ki, həmin məbləğ kluba gəlməyəcək. Yalnlz dövlətdən gələn pulla isə bu yükü qaldırmaq mümkün olmayacaq.
Belə görünür ki, AFFA özü bu məsələyə müdaxilə etməli olacaq. Əvvəlki rəhbər İlqar Nadiri min-bir çətinliklə klubu üç ildir Premyer Liqada saxlaya bilirdi. İndiki xaotik vəziyyət isə "Kəpəz"i dağılmağa doğru aparır. Ölkənin ən köklü klublarından biri yiyəsiz qalıb.
Həmid