
"Qarabağ" İrlandiyadan sərfəli nəticə ilə ayrılarsa, turu keçən tərəf olacaq" - MÜSAHİBƏ
"Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev Sportal.az saytına müsahibə verib.
- “Qarabağ” bu gün avrokuboklardakı çıxışına start verəcək. Rəqib isə bundan əvvəlki mərhələdə “Linfild”i keçən “Şelburn”dur. “Qarabağ”ın “Şelburn”la matçdakı şanslarını necə dəyərləndirirsiniz?
- Fikrimcə, “Qarabağ” bu oyunun və cütün favoritidir. Mən komandamızı daha şanslı hesab edirəm. Komandamıza uğurlar arzulayıram.
- "Şelburn" "Qarabağ"dan fərqli olaraq, artıq avrokuboklarda iki oyun keçirib. Bunun “Şelburn”un özü üçün üstünlükdür?
- Əlbəttə ki, rəsmi oyun üstünlük deməkdir. “Qarabağ” səfər matçından sərfəli nəticə ilə ayrılarsa, turu keçən tərəf olacaq. Belə olacağına çox inanıram. Çünki “Qarabağ”ın avrokubok təcrübəsi də var.
- İrlandiya, Uels, İngiltərə klubları standart vəziyyətlərdə güclü olur, “Qarabağ” isə standart vəziyyətlərdə qol buraxır. Bu məqam “Qarabağ”a necə təsir edəcək?
- Standart vəziyyət həmişə bizim millinin və klublarımızın çətin tərəfləri olub. Hər halda, Qurban müəllim də bunu bilir. Bunun üzərində də hazırlaşırlar.
- Bu görüşdə “Qarabağ” üçün hansısa neqativ sürpriz gözləmirsizki? Çünki “Qarabağ”da heyət dəyişikliyi olub. Futbolçuların bir-birinə öyrəşməsi problem yarana bilər?
- Heyətdə böyük dəyişiklik olmayıb. 2-3 dəyişiklik ola bilər. O da ki, problem yaratmaz. Bu mənada, hansısa problemin olduğunu düşünmürəm.
- Yeni transferlərdən Dani Bolt, Pedro Bikalyo, Kris Kuake və Sami Mmaedən hansını daha çox bəyəndiniz və sizcə hansı daha çox xeyir verə bilər?
- Düzünü desəm, yeni gələnləri iş başında görməmişəm. Bu gün onları izləyib, daha sonra fikir bildirə bilərik.
- “Qarabağ” hücumçu transferini hələ də etməyib. Səncə, bu məqam “Qarabağ” üçün problem yaratmayacaqki, həm “Şelburn” matçlarında, həm də digər görüşlərdə?
- Hücum mövqeyi barədə fikir bildirmək çətindir. Bilmirik ki, yeni transfer olacaq, ya yox. Fikrimcə, Nəriman Axundzadə yoxlama matçlarında yaxşı formada görünürdü. Bu gün də onun yaxşı oyun göstərəcəyinə inanıram.
Mirbağırağa