"Sabah"da yenə eyni problem -    Ceyhun Nuriyev, Abdulla Rzayev, Şakir Seyidov, indi də Yusif İmanov...

"Sabah"da yenə eyni problem - Ceyhun Nuriyev, Abdulla Rzayev, Şakir Seyidov, indi də Yusif İmanov...

 
0

Millimizin qapıçısı Yusif İmanov "Sabah"la müqaviləsini birtərəfli qaydada pozmaq qərarına gəlib. Gənc qapıçı bu barədə sosial şəbəkə hesabında yazıb. Bunu ona qarşı olan yad münasibət və s. amillərlə əsaslandırıb. Mənzərə tam aydın olsun deyə qeyd edək ki, Yusif İmanov nə komandanın Avstriyadakı toplanışına aparılıb, nə də adı avrokuboklarda sifariş ərizəsinə salınıb.

İmanovun "Sabah"la müqaviləsi gələn ilin yayında bitir. Yazının əvvəlində qeyd edildiyi kimi, Yusif nəinki bir il, bundan sonra heç bir gün də "Sabah"da qalmaq niyyətində deyil. O, artıq FİFA-ya müraciət edib və əmindir ki, istəyinə çatacaq. Böyük ehtimalla, elə də olacaq. Bəzi həmkarlar ona əvəzedici heyətdə məşq üçün şərait yaradıldığını, maaşının verildiyini əsas gətirərək Yusifin heç nəyə nail olmayacağını yazırlar. Lakin onun müqaviləsi "Sabah"ın əsas komandasıyladır və klub ona məhz əsas komandada məşq etmək şəraiti yaratmalıdır. Sadə dildə izah etsək, müqaviləsi hansı komandayladırsa, orada məşq etmək hüququ var. Burası belə!

Yusif İmanov ona qarşı yad münasibətin olmasında haqlıdır, ya yox, bunu demək çətindir. Çünki Yusifin bir qapıçı kimi püxtələşməsində "Sabah"ın böyük əməyi var. İmanov hətta kobud səhvlər edəndə belə, ona güvəniblər, şans veriblər, yetişdiriblər.

"Sabah" onu buraxmaq istəmir. Tələb edirlər ki, yeni müqavilə imzalasın. Yusif isə razılaşmır. Belədə klub rəhbərliyi onun qərarına təsir etmək üçün Yusifi əvəzedici heyətə göndərib. Nəticədə xoş olmayan durum yaranıb.

"Sabah"da bu cür problemlər ilk dəfə deyil ki, yaşanır. Müxtəlif vaxtlarda millimizin üzvü Ceyhun Nuriyev, Şakir Seyidov, Nicat Mehbalıyev və digər futbolçular da müqavilə uzatmaq istəməyəndə, eyni münasibətlə üzləşiblər. Heç uzağa getməyək, ölkənin ən yaxşı cinah müdafiəçilərindən sayılan Abdulla Rzayev də ötən mövsümü boşa verdi, gününü əvəzedici komandada keçirməli oldu. Səbəb eynidir, müqaviləni artırmaq istəmirdi...

"Sabah" rəhbərliyi bir tərəfdən uşaq futboluna diqqət ayırdığını deyir, digər tərəfdən də davamlı olaraq, yerli gənclərlə problemlər yaşayır. Hər il hansısa yerli futbolçu məşqçiylə yox, məhz rəhbərliklə yaşadığı problemlər üzündən əvəzedici heyətə "sürgün" edilir.

"Sabah"da qalmaq istəməyən gənclər hər dəfə "cəza mexanizminə" tuş gələcəksə, karyeralarına zərbə olacaqsa, bu, klubun imicinə xələl gətirəcək. Futbolda ara-sıra belə hallar baş verir. Amma razılaşın ki, bu mövzuda hələ heç bir klubumuzda "Sabah"da olduğu qədər söz-söhbət yaranmayıb.

Həmid

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.