Yığmamızın üzvü: "Portuqaliya ilə oyunun ilk hissəsində sübut etdik ki, heç bir rəqibdən qorxmuruq"    - MÜSAHİBƏ

Yığmamızın üzvü: "Portuqaliya ilə oyunun ilk hissəsində sübut etdik ki, heç bir rəqibdən qorxmuruq" - MÜSAHİBƏ

 
0

Azərbaycanın U-21 yığmasının aparıcı oyunçularından olan Emil Süleymanov Sportal.az  saytına müsahibə verib. Portuqaliya ilə görüşdə yığmamızın heyətində ən yaxşılardan olan Süleymanov həm həmin görüş, həm də bu gün Bolqarıstana qarşı keçiriləcək oyundan danışıb.

- Portuqaliya ilə görüşdə komanda 0:5 hesabı ilə uduzdu. Halbuki, yığmamız fasiləyə 0:0 hesablı bərabərliklə yollanmışdı. Fasilədən sonra nə dəyişdi?

- Çox yaxşı qurulmuş rəqibə qarşı oynayırdıq. Bu yöndə də hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq. Bunun üçün hər şeyi etməyə hazır idik. İlk yarıda kompakt və çox yaxşı oyun oynadıq. Heç-heçə də etdik. Lakin ikinci hissə başlayan kimi, cüzi səhvdən qol buraxdıq. İstəyərdik ki, ikinci hissəyə də normal başlayıb, oyunu daha yaxşı oynayaq və qalib gələk. Ən pis halda isə heç-heçə edək. Amma əlimizdən gələni etsək də, uduzduq.

- Düşünmək olar ki, birinci hissədəki 0:0 hesabından sonra özünəinam gəlmişdi və daha rahat, daha sərbəst, bir az da hücumameyilli oynamaq istədiniz deyə, bu da əks təsirini göstərdi?

- Belə deməzdim. Biz rəqiblə ilk yarıda 0:0 oynadıq. İlk hissədə Portuqaliya yığması ilə müqayisədə, daha çox real qol şanslarımız var idi. Amma biz 48-ci dəqiqədə qol buraxdıq. Belə oyunlarda ilk qol böyük rol oynayır. Çalışdıq ki, cavab qolunu vuraq. Alınmadı. Ardıcıl qollar buraxdıq. Sonda da uduzduq.

- Portuqaliya ilə görüşdə yaxşı performans göstərdin. Bu cür matçları skautlar da izləyirdi. Səncə, xarici klubların diqqətini çəkə bildin?

- Meydana çıxan hər bir futbolçunun ilk məqsədi qələbə olmalıdır. Öz oyunuma gəldikdə, bu, məşqçilərə aid məsələdir. Təəssüf ki, qalib gələ bilmədik. Mən yaxşı oynayım, amma qalib gələ bilməyək...Bu, çox da önəm daşımır. İstəyərdik ki, Bolqarıstanla matçda qalib gələrək azarkeşlərimizi, xalqımızı sevindirək.

- Bolqarıstanla görüş haqda nə düşünürsən? Onları evdə uda biləcəksiz?

- Əlbəttə. Bu oyuna üç xal üçün çıxacağıq. Hər oyuna tam ciddi hazırlaşırıq. Bolqarıstana Bakıda qalib gəlməyə çalışacağıq. Heç kimin buna şübhəsi olmasın.

- Portuqaliya və Bolqarıstanla yanaşı, rəqiblərimiz Çexiya, Şotlandiya, Cəbəllütariqdir. Bu qrupda nəyə ümid edirsiz, şans var?

- Portuqaliyaya qarşı ilk hissədə göstərdiyimiz oyunla sübut etdik ki, heç bir rəqibdən çəkinmirik, qorxmuruq. Hər bir rəqiblə başabaş oynaya bilərik. Qrupdan çox xal yığaraq, uğurlu nəticəyə ümid edəcəyik. Təbii ki, çətinliklər, qələbələr və məğlubiyyətlər də olacaq.

- Təəssüf ki, Premyer Liqada oynayan U-21 yığması üzvü azdır. Bunun da təsiri var?

- Portuqaliya millisinə baxsaq, start heyətindəki 8-9 oyunçu öz liqalarında start heyətində və stabil oynayır. Bizdə də 3-4 oyunçu var ki, şans verilir, 30 dəqiqə, 45 dəqiqə və ya bəzən start heyətində oynayır. Hər halda 90 dəqiqə ilə 15-20 dəqiqə eyni deyil. Bunu bəhanə də gətirmək olmaz. Çünki biz milli komandada oynayırıq.

- Yığmadakı diqqətçəkən performansınla klubunda daimi oynamağına səbəb ola bilər?

- Əlimdən gələni edirəm ki, komandama xeyir verim.

- Hədəflərin arasında Avropaya yollanmaq var?

- Təbii ki. Avropada oynamaq hədəflərimdən biridir.

- Bildiyim qədərilə, hərbi xidmətə görə 1,6 ay futbol oynamamısan. Futbolsuz keçən dövrü necə xatırlayırsan və özündə necə güc tapdın ki, karyeranı bərpa etdin?

- Bəli, 1,6 ay hərbi xidmətdə olmuşam. 1,6 ay futbol oynamamaq, topsuz qalmaq çox çətin period idi. Hər bir futbolçu üçün belədir. Hətta ayaq qırılanda geri qayıtmaq 7-8 ay çəkir. Təsəvvür edin 1,6 ay oldu, çox uzun müddətdir. Hər bir insanın psixologiyası öz əlindədir. Mənə motivasiya verən ailəm, futbola olan sevgim, bağlılığım idi. Futbolsuz qala bilmirdim. Mən də hərbi xidməti başa vurduqdan sonra daha çox çalışdım ki, artırım. Məşqçilərimin köməkliyi ilə bunu reallaşdırdım. Əsgərlikdən sonra “Qəbələ”yə qayıtdım. Əsas komandada oynadıqdan sonra I Liqaya düşdük. Ondan sonra da Kaxaber Sxadazenin rəhbərliyi altında orada oynadım. Sonra Ayxan Abbasovun dəvəti ilə “Şamaxı”ya eçdim. Komanda üçün də çalışıram.

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.