
2 milyon manat təzminatdan imtina edən Qurban Qurbanov - yerlilərin qədrini bilməyən AFFA
Millinin biabırçı, rüsvay vəziyyətini görəndə adam fikirləşir ki, o vaxt "sapı özümüzdən olan baltalar" Qurban Qurbanova işləmək imkanı versəydilər, indiyə döyüşkən kollektiv formalaşdıra bilərdi.
Qurban Qurbanov özü bu barədə daha çox üstüörtülü danışsa da, hamıya məlumdur ki, ona qarşı aparılan kampaniyanın başında AFFA-nın sabiq baş katibi Elxan Məmmədov dayanırdı. O, Qurbanovu devirmək üçün hər üsula əl atdı, hər yoldan istifadə elədi və heç bir il keçmədən ölkəmizin ən nüfuzlu məşqçisinin istefaya göndərilməsinə nail oldu.
Sual yarana bilər ki, axı niyə Elxan Məmmədov Qurban Qurbanova bu qədər nifrət edir(di)? Bu sualın cavabını tapmaq elə də asan deyil. Bunun cavabı daha çox şüuraltında yatır, dünyagörüşünə bağlıdır. Burada əslində, bir sualdan digər sual doğur - Elxan Məmmədov gedib, bəs, indiki AFFA rəhbərliyi nə üçün Qurban Qurbanova layiq olduğu dəyəri vermir? Elxan Məmmədov Qurban hocanı millidən uzaqlaşdırmışdısa, indikilər də onu İcraiyyə Komitəsindən küsdürüblər.
Problem ondadır ki, indi futbolumuzun lap başında dayananlar Elxan Məmmədovla eyni ortamın adamlarıdır. Eyni mühitdə böyüyüblər, eyni dünyagörüşünə malikdilər. Bunlar üçün prioritet əcnəbilərdi. Xaricilərin hər sözünü aforizm kimi qəbul eləyirlər, özümüzünküləri isə ya ciddiyə almırlar, ya da görməzdən gəlirlər...
İndi də bəh-bəhlə gətirdikləri Santuşu çıxara bilmirlər. Qoca son qəpiyinə kimi təzminatını almadan gedəsi deyil. Yaxşı olur AFFA-ya, yaxşı olur Rövşən Nəcəfə və onun yerliləri bəyənməyən müavinlərinə. İndi kəsin o milyonları uşaqlarımızın boğazından, verin əcnəbilərə. Sizin mahiyyətiniz elə bundan ibarətdir.
Sonda bu AFFA rəhbərliyi üçün xatırlatma. Qurban Qurbanov millidən göndəriləndə 2 milyon manat təzminat almalı idi. AFFA həmin pulu verməyə hazır olsa da, Qurban Qurbanov imtina etmişdi ondan. Bəli, bu həmin Qurban Qurbanovdur, İcraiyyə Komitəsində sözlərini qəribçiliyə saldığınız QURBANOV.
Hələ ki bu ölkədə yerlilərin qədri bilinməyəcək, bu vəziyyət çox davam edəcək. Yerli deyəndə, AFFA-nın dost-tanışı olan rusdilli, ingilisdilli kəsimi nəzərdə tutmuruq, işiylə buna haqq edənləri deyirik. Yoxsa harada boş yer olursa, ya əcnəbilər yerləşdirilir, ya da AFFA-nın "özününküləri".
Həmid