
AFFA Premyer Liqaya qayıdan rayonun stadionunu satın alacaq?
AFFA İmişli şəhər stadionuna sahiblənə bilər.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, verilən informasiyaya görə, federasiya sözügedən arenanı öz mülkiyyətinə keçirmək üçün yerli İcra Hakimiyyəti və MKT şirkəti ilə danışıqlara başlayıb.
Qurumun bunda məqsədi "İmişli"yə kömək etməkdir. Belə ki, Premyer Liqaya yüksələn klub məkan problemi ilə üzləşib.
Aran təmsilçisi bugünlərdə bəyanat yayaraq, stadionun mülkiyyətçisinə çevrilməkdən ötrü AFFA-ya müraciət etdiyini açıqlayıb.
"Nəzərinizə çatdırmaq istərdik ki, klubun ev oyunlarını keçirdiyi stadion bir dövlət qurumu və bir özəl müəssisənin mülkiyyətindədir.
Burada bizim klubdan başqa, 3 klub II Liqa və Region Liqasında öz oyunlarını keçirir, stadiondan icarə əsasında istifadə hüquqlarına malikdirlər.
Klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə stadionun mülkiyyətinin alınması üçün müraciətlər edib. Lakin çox təəssüflər olsun ki, bu müraciətlər müsbət həllini tapmayıb.
Bu mövsüm klub rəhbərliyi öz şəxsi vəsaitləri hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burada müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirib.
Dünya standartlarına əsasən, bir təbii ot örtüyü üzərində həftə ərzində ən çoxu 1 oyun keçirilə bilər ki, hazırkı vəziyyətdə bizim bunu təmin etməyimiz
hüquqi baxımdan mümkün deyil.
Məsələnin müsbət həlli üçün AFFA-nın rəhbərliyi ilə müvafiq qurumlarla danışıqlar aparılması üçün müzakirələr təşkil olunub və dəstək alınıb.
Əminik ki, qısa zamanda İmişli şəhər stadionunun "İmişli" PFK-nın mülkiyyətinə keçirilməsi baş verəcək və biz UEFA-nın 3-cü kateqoriyasını almaq üçün renovasiya işlərinə başlaya biləcəyik".
Arenanın tikintisinə 2004-cü ildə başlanılıb və 1 il sonra təhvil verilib. İnşaata vəsaitin böyük qismi MKT tərəfindən ayrılıb. Odur ki, əsas mülkiyyət hüququ onlardadır.
Sözügedən məkanın satılması üçün şirkətə vəsait ödənilməlidir. Söhbət bir neçə milyon manatdan gedir. "İmişli" həmin vəsaiti ödəmək fikrində deyil.
19 ildən sonra Premyer Liqada təmsil olunacaq klubun məqsədi AFFA vasitəsilə bu işi bitirməkdir.