
Aldadıcı hesab, "Karvan-Yevlax"ın baş məşqçisindən reallığa uyğun gəlməyən dəyərləndirmə - gələn dəfə bəxt üzlərinə gülməyə də bilər...
Bu gün Misli Premyer Liqasında 2025/26-cı il mövsümünə start verilib. Açılış oyununda "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Uzun illərdən sonra elitaya qayıdan Yevlax təmsilçisi üçün ilk oyunda bir xal da yaxşı nəticə hesab olunmalıdır. Amma bir məsələ var ki, "Karvan-Yevlax" bu xalı qazandığı üçün bəxtə minnətdar olmalıdır.
Əslində, heç "Qəbələ"nin də yeni mövsümə hazır olduğunu deyə bilmərik. Tsxadadzenin komandası qarşıdakı turlarda artırmasa, Premyer Liqada yerini qorumaq uğrunda mübarizənin içində olmaq məcburiyyətində qalacaq.
Amma "Karvan-Yevlax"la oyunda itirilən xala görə, Kaxa günahı öz hücumçularında axtarmalıdır. Bir komanda 90 dəqiqə ərzində 7-8 yüz faizli qol fürsətini qaçırırsa, adətən bunun acısını çəkir. Açığı, bunda "Qəbələ"nin irəli xəttində yer alan futbolçuların təcrübəsizliyi və üst səviyyəli legioner olmamaları da rol oynadı.
"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşımov matçsonrası mətbuat konfransında deyib ki, meydanda bərabər mübarizə gedirdi. Qəribə, gözlənilməz açıqlama oldu bu... "Qəbələ"nin yerində daha səviyyəli futbolçulara malik komanda olsaydı, "Karvan-Yevlax" qapısında 6-7 qol qol görəcəkdi. Əgər Azər bəy hər dəfə bəxtə bel bağlamaq fikrindədirsə, özü də başa düşməlidir ki, şansa güvənib uzağa getmək olmayacaq.
"Karvan-Yevlax" mütləq şəkildə müdafiə davranışına əl gəzdirməlidir. Premyer Liqada belə boşluqlar faciəvi məğlubiyyətlərlə nəticələnə bilər.
Həmid