
"Hayduk"un müdafiəçisi: "Hədəflərimiz böyükdür, ilk addım "Zirə" ilə oyundan başlayacaq" - MÜSAHİBƏ
"Hayduk"un kapitanı Dario Melnyak Sportal.az saytına müsahibə verib. Vaxtı ilə “Neftçi”də də oynamış müdafiəçi Konfrans Liqasının təsnifat mərhələsində “Zirə”yə qarşı keçiriləcək görüşdən gözləntiləri də bölüşüb.
- “Hayduk” Konfrans Liqasının təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. Püşkatmanı "Hayduk" üçün uğurlu hesab edirsən?
- Əslində, hər zaman bütün püşkatmalar maraqlıdır. İndinin özündə asan rəqib anlayışı qalmayıb. Avrokuboklarda isə asan komanda yoxdur.
- Bəs, "Zirə" haqda hansısa məlumata sahibsiniz? Sən Azərbaycanda oynadığın üçün yəqin ki, bu komandanı tanıyırsan. Kollektivdə necə, “Zirə” barədə məlumata sahib olan var?
- Düzünü desəm, “Zirə”yə qaşrı oynayıb-oynamadığımı yoxlamalı idim. Sizin sualınızdan sonra baxdım ki, bəli, “Zirə”yə qarşı 2 matçda oynamışam(gülür). Hər iki görüş də mənim üçün uğurlu alınmayıb. Amma keçmişdə qalan matçlardır. İndi yalnız qarşıya baxmaq lazımdır.Mən də bu cür edirəm.
- Yəqin ki, Xorvatiyada hər hansı sürpriz qəbul edilməyəcək? "Hayduk"un "Zirə” ilə matçdakı şanslarını necə dəyərləndirirsən? "Zirə" ötən mövsüm Konfrans Liqasında pis çıxış etmədi...
- “Zirə”nin avrokuboklarda oyunlarına baxmışam. Əsasən də “Osiyek”ə qarşı matçını izləmişəm. “Omoniya”ya qarşı keçirilmiş pley-off görüşünü də görmüşəm. Bilirsiz, hazırda futbol bərabərləşib. Ona görə də daha da maraqlı olub. Düzünü desəm, biz indi kiminlə oynadığımızdan daha çox öz tapşırıqlarımıza və taktikalarımıza diqqət yetiririk. İndi vacib olan məsələ budur.
- “Hayduk" ötən mövsüm avrokuboklarda "Rujemberok"a uduzdu. Bundan əvvəl isə "Tobol" və "Qzira Yunayted"lə matçlarda uğursuz nəticələriniz olmuşdu. Səncə, "Hayduk" kimi böyük klubun avrokuboklarda işləri niyə qaydasında getmir?
- Son illərlə bağlı eyni şeyi düşünürəm. Düzü, hələ də düzgün cavabım yoxdur. Amma hər zaman yeni bir motivasiya var. Bunu edə biləcəyimizə inanırıq. Biz indi hazırlaşırıq və qarşıdakı görüşlərə hazır olmağa çalışırıq.
- Biz səni ilk dəfə “Neftçi”dəki çıxışınla tanımışıq. Maraqlıdır, sən özün bu komandanın futbolçusu olduğun anları necə xatırlayırsan?
- “Neftçi”dəki ilk vaxtlarım mənim üçün çətin idi. Mən bu komandaya icarə əsasında gəlmişdim. Klubun da çətin periodi idi. Həmin vaxtı hər iki tərəf üçün ən yaxşısı yollarımızı ayırmağımız idi.
- “Neftçi"dən ayrıldıqdan sonra karyeran daha uğurlu alındı. "Rizespor", Xorvatiya millisi və indi də "Hayduk". "Neftçi"də şans verilmirdi? Yəqin ki, oradan ayrıldığına görə peşman deyilsən?
- Deyim ki, “Neftçi” və Azərbaycanda çox yaxşı təcrübə topladım. Orada çox yaxşı təəssüratlarım var.
- "Neftçi"dən ayrıldıqdan sonra Bakıya bir dəfə Xorvatiya millisinin heyətində gəlmisən. Bu dəfə ikinci dəfə Azərbaycana gələcəksən. “Zirə”yə qarşı görüş də elə "Neftçi"nin stadionunda keçiriləcək. "Neftçi Arena"ya gələcəyin üçün həyəcanlısan?
- Düzünü deyim, heç matçımızın “Neftçi Arena”da keçiriləcəyini bilmirdim. Siz dediniz, xəbər tutdum. Təbii ki, bunu eşitmək xoşdur. “Neftçi Arena” yaxşı stadiondur.
- “Hayduk"un Konfrans Liqasında əsas hədəfi nədən ibarətdir? Əsas mərhələyə (qrup mərhələsi) qədər irəliləmək?
- “Hayduk”un hər zaman böyük hədəfləri olub. Amma “Hayduk”da yeni era başlayıb. Bu dəfə də hədəflərimiz böyükdür. Ona görə də biz irəliyə addım-addım getmək istəyirik. İlk addım isə “Zirə”yə qarşı oyundan başlayacaq.
Mirbağırağa