
"Milan"ın müdafiəçisi "Əl-Hilal"a keçə bilər
Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanının yolunu tuta bilər.
Sportal.az xəbər verir ki, söhbət "Milan"ın müdafiəçisi Teo Ernandesdən gedir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Hilal" fransalı sol cinah müdafiəçisini transfer etmək istəyir. Ərəblər artıq "Milan"la danışıqlara başlayıb.
27 yaşlı oyunçunun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. O, yeni sözləşmə təklifini qəbul etməyib. "Əl-Hilal" təcrübəli futbolçunun keçidini gələn ay başlayacaq klublararası dünya çempionatına kimi həll etməyə çalışır.
Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayında "Real"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.