
"Qalatasaray" Hakan Çalhanoğlu üçün 15 milyon avrodan artıq ödəməyəcək - 2 Premyer Liqa klubu da mübarizəyə qoşuldu
"Mançester Yunayted" və "Fulhem" Hakan Çalhanoğluyla maraqlanır.
Sportal.az xəbər verir ki, klublararası dünya çempionatının 1/8 finalında "Fluminense"yə 0:2 hesabı ilə uduzduqdan sonra "İnter"in hücumçusu Lautaro Martines belə açıqlama verib: "Mesaj sadədir: qalmaq istəyən qalsın, istəməyən getsin".
"İnter"in prezidenti Beppe Marotta bildirib ki, görünür, Lautaro bu sözləri komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğluna ünvanlayıb.
Çalhanoğlu sosial şəbəkədə paylaşım edərək belə yazıb: "Birləşdirici yox, ayırıcı sözlər. Hörmət birtərəfli yol deyil. Heç vaxt 'İnter'dən narazı olduğumu deməmişəm."
DAZN jurnalisti və şərhçisi Orasio Akkomandonun məlumatına görə, Çalhanoğlu "Qalatasaray"a keçmək istəyir, lakin hazırda türk klubu "İnter"ə 15 milyon avrodan çox təklif edə bilmir. Milan klubu isə oyunçunu təxminən 40 milyon avro dəyərində qiymətləndirir.
Həmçinin bildirilir ki, Hakan Çalhanoğluyla "Mançester Yunayted" və "Fulhem" də maraqlanır və futbolçunun nümayəndələri ilə ilkin əlaqələr qurublar.