
"Qarabağ" "Palmeyras"ın yarımmüdafiəçisini alır
“Qarabağ” yay fasiləsi dönəmində ilk transferini reallaşdıra bilər. Ağdamlıların heyətinə qatmağa çalışdığı futbolçulardan birinin adı məlum olub.
Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, çempionumuz dəyəri 700 min avro qiymətləndirilən Pedro Biçalo ilə maraqlanır. Son illər Portuqaliya bazarında fəal olan “Qarabağ” ənənəsinə sadiq qalıb.
Braziliyalı dayaq yarımmüdafiəçisi “Alverka”da oynayırdı. Vətənində yetirməsi olduğu “Palmeyras”a məxsus olan oyunçu 2022-ci ildə “Santa Klara”ya icarəyə verilib. 6 aydan sonra vətənə qayıdaraq bu dəfə “Vitoriya”da oynayan Pedro, son iki mövsümü “Alverka”da keçirib.
İyunun 30-da icarə müqaviləsi bitdiyi üçün “Palmeyras”a qayıtmalı olan yarımmüdafəçi bu dəfə “Qarabağ”a gələ bilər. Ağdamlılar onu birdəfəlik almaq istəyir.
24 yaşlı oyunçu son mövsümdə Portuqaliya 2-ci liqasında 33 oyuna çıxıb (21-i start heyətdə), 2 qol vurub.