“Qarabağ” və “Şkendiya” rəhbərləri arasında dostluq görüşü

“Qarabağ” və “Şkendiya” rəhbərləri arasında dostluq görüşü

 
0

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” - “Şkendiya” oyunu öncəsi iki klubun rəhbərliyi arasında görüş təşkil olunub.

Sportal.az xəbər verir ki, qeyri-rəsmi nahar görüşündə Ağdam təmsilçisinin prezidenti Tahir Gözel, “Şkendiya”nın sahibi Lazım Destani və ailəsi, həmçinin hər iki klubun nümayəndələri bir araya gəliblər. Tahir Gözel Şimali Makedoniyada keçirilən səfər matçı zamanı xoş qarşılanmaya və dəvətə görə “Şkendiya” klubunun rəhbərinə təşəkkürünü bildirib.

Destani ailəsi isə göstərilən xüsusi diqqətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəmizin insanlarını, mədəniyyətini və zəngin mətbəxini çox bəyəndiklərini qeyd ediblər.

Səmimi söhbət iki klub, iki ailə və iki xalq arasında uzunmüddətli dostluq niyyətinin ifadəsi ilə yekunlaşıb. Həm “Qarabağ”, həm də “Şkendiya” rəhbərliyi bugünkü oyunun iki dost komanda arasında centlmenlik və nümunəvilik ruhunda, yüksək rəqabət şəraitində keçəcəyinə əminliklərini ifadə ediblər.

"Qarabağ"ın prezidenti Tahir Gözel görüşlə bağlı klubun saytına təəssüratlarını bölüşüb. O, futbolun ən böyük gözəlliklərindən birinin müxtəlif ölkələrdən, mədəniyyətlərdən olan insanları bir araya gətirməsi olduğunu vurğulayıb: “Şimali Makedoniyanın inkişafına mühüm töhfələr verən, alban-müsəlman icmasını yüksək səviyyədə təmsil edən hörmətli Destani ailəsi ilə tanış olmaqdan böyük məmnuniyyət hissi duyuram. Bizim söhbətlərimizdə həm ölkəmizin tarixi, Qarabağımızın hekayəsi, həm də ölkələr və insanlar arasında qurulan dostluq və biznes əlaqələri öz əksini tapdı. Destani ailəsi Şimali Makedoniyanın iqtisadi və sosial inkişafında mühüm rol oynayan, uğurlu layihələrə imza atan və nüfuz qazanmış hörmətli insanlardır. Onları tanımaqdan qürur duyuram”.

Keçmiş uğurlara və sərgilədiyi yüksək keyfiyyətli oyuna görə “Şkendiya”nı təbrik edən Tahir bəy bu axşam baş tutacaq matçın hər iki komanda üçün layiqincə keçəcəyinə inandığını söyləyib: “Bugünkü həyəcanlı oyunda hər iki komandaya uğurlar arzulayıram. Hansı komanda qalib gəlsə, onu təbrik edəcəyik. Çünki qarşımızda layiqli rəqib və dostlarımız var. Lakin daha önəmlisi, belə bir mənəvi dəyər daşıyan qarşılaşmada iştirak etməkdir.

Sonda demək istəyirəm ki, biz təkcə futbol oynamırıq – dəyərləri, tarixi və birliyi təmsil edirik. Və bu gün burada yaşanan dostluq, bu dəyərlərin zəfəridir”.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.