
Samir Abasov yeni yola Emin Mahmudovla çıxacaq - qalır kapitanlıq sarğısını ona qaytarmaq
Son bir ildə Emin Mahmudovun başına gəlməyən qalmadı. Ölkə futbolunun ən yaxşılarından olan Mahmudov əvvəlcə millidə kapitanlıq sarğısını itirdi, sonra da "Neftçi"də. Yığmadan uzaqlaşdırıldı, "Neftçi"də gözdən itdi.
Həmişə milli komandada döyüşkən ruhu ilə seçilən liderin belə münasibətlə üzləşməsi acınacaqlı mənzərə idi. Emin Mahmudovu göz görə-görə bitirmək istəyirdilər. Yaxşı ki, "Neftçi"yə Samir Abasov gəldi və vəziyyəti nisbətən dəyişdi. Mahmudovun potensialından tam yararlana bilməsə də, kapitan mövsümün sonlarına yaxın özünə gəlməyə başladı, bir neçə qol vurdu.
Yekunda Santuşun da münasibəti ona dəyişdi. Yenidən milli komandaya qaytarılan Mahmudov kapitanlıq sarğısını qoluna taxdı. Emin hələ əvvəlki formasında olmasa da, Latviya və Macarıstanla oyunlarda üzərinə düşəni etməyə çalışdı.
Sportinfo.az saytı xəbər paylaşıb ki, Emin Mahmudov növbəti mövsüm də "Neftçi"də qalacaq. Kapitan daha bir il "ağ-qaralar"ın sıralarında olacaq.
Bu izdivacın əsas təşəbbüskarı Samir Abasov olub. Baş məşqçi israrla Mahmudovun "Neftçi"də qalmasını istəyib. Azərbaycan futbolunu yaxşı bilən mütəxəssis dərk edir ki, komandada hər nə qədər legioner olursa-olsun, meydançada "Neftçi"ni arxasınca aparan Emin kimi lider olmadan nəticəyə varmaq çətin olacaq.
Samir Abasov Eminlə bağlı bir məsələni də düzəltsə, rahatlıqla komandanı növbəti mövsümə hazırlaya bilər. Millidə olduğu kimi, "Neftçi"də də kapitanlıq sarğısı Mahmudova qaytarılmalıdır. "Neftçi"nin əsl kapitanı Emin Mahmudovdur.
Həmid