
Portuqaliyanın baş məşqçisi millimizdən üç nəfərin adını çəkdi
Azərbaycan millisi 21 yaşa qədər futbolçular arasında keçirilən AÇ-2027-nin seçmə mərhələsinə istədiyi kimi başlaya bilmədi.
Səfərdə güclü Portuqaliya yığması ilə qarşılaşan seçməmiz meydanı 0:5 hesablı məğlubiyyətlə tərk etdi.
Oyun başa çatandan sonra rəqib çalışdırıcı Luis Freyre mətbuat konfransında matçla bağlı fikirlərini dilə gətirdi:
“İlk hissə istədiyimiz kimi alınmadı. Bu da rəqibin böyük qüvvə ilə müdafiə olunmasına görəydi. Düzdür, qol imkanlarımız oldu, top tirə tuş gəldi. Lakin qol vura bilmədik.
Fasilədə futbolçularıma eyni tempdə davam etməyi və səbrli olmağı tapşırdım. İkinsi hissənin əvvəlində vurduğumuz qol komandama inam verdi.
Təzyiqi artırdıq, əvəzetmələr etdik və lazım olan qolları vurduq. Rəqibin buraxılan qollardan sonra “açılması” da işimizə yaradı”.
Portuqaliyanın gənclər millisinə cavabdehlik daşıyan çalışdırıcı Sportal.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Yığmamız sizi nə ilə təəccübləndirdi?
- Heç nə ilə. Oyunlarına baxmışdım və bilirdim ki, üç stopperlə oynayıb qapanacaqlar. Buna hazır idik. Eyni zamanda əks-hücumlarda sürətli olmaları barədə məlumatlıyqdıq. Bu mənada futbolçularıma lazım olan tapşırıqları vermişdim.
- Azərbaycan millisində hansısa futbolçular Portuqaliya yığmasının səviyyəsində oynamağı bacardı?
- O səviyyədə oynadıqlarını deyə bilmərəm. Lakin hücum xəttindəki futbolçular diqqətimi çəkdi. Hücumçu və iki vinger (Ağadadaş Salyanski, Nihad Əhmədzadə, Edqar Adilxanov) təhlükəli görünürdülər. Həm sürətli, həm də fiziki cəhətdən hazırlıqlı olduqlarını deyə bilərəm. Bu cür davam etməklə yüksək səviyyəyə çata bilərlər.
Mirbağırağa