
AFFA-nın özünü saldığı dolaşıq - nə çıxara bilirlər, nə də saxlaya
Çox mürəkkəb vəziyyət yaranıb. AFFA Fernando Santuşu çıxarmaq istəyir. Ümidləri ona idi ki, İslandiyaya biabırçı məğlubiyyətdən sonra özü istefa verər. Amma qoca açıq-açığına bildirdi ki, pulunu son qəpiyinə kimi almayana qədər gedəsi deyil.
İndi elə bir vəziyyət yaranıb ki, AFFA ya böyük məbləğdə təzminat verib onu yola salmalıdır, ya da Santuşla biabırçılıqlara davam etməlidir.
AFFA qalıb bu iki durumun ortasında. Nə irəli addım ata bilirlər, nə də geriyə. Davam etmək istəmirlər, amm İnkişaf Strategiyası üçün pulun yox vaxtı milyonları Santuşa verməyi də məqsədəuyğun saymırlar.
AFFA rəhbərliyi də yaxşı başa düşür ki, belə vəziyyətdə pulu əcnəbilərə dağıtmaq futbolumuza xəyanətə bərabər hadisədir. Biz burada uşaqlar üçün meydançalar tikməyə pul tapmırıq, Santuş o pulu qoyub cibinə gedəcək və üstəlik vətənində bizim avamlığımızdan danışacaq.
Rövşən Nəcəf və ətrafının adlı-sanlı əcnəbilərə olan düşkünlüyü futbolumuzu dalana salıb. Bu adam "Neftçi"yə də Mutu, Bojoviç kimi bacarıqsız məşqçiləri gətirmişdi. İllik maaşı 600 min avroya İsveçdən idman direktoru dəvət etmişdi. Yəni "Neftçi"də o qədər pulu dağıtdı, sakitləşmədi. Gəldi AFFA-da da futbolumuza belə zərbə vurdu. Yenə eyni səhvlər, yenə maliyyənin əcnəbilərə səpələnməsi...
Həmid